1917-ci ildə Rusiyada bolşevik inqilabında yaxından iştirak edənlərdən biri Vyaçeslav Molotov idi. O sonralar sovet diktatoru İosif Stalinin yaxın silahdaşlarından birinə çevrildi.
1939-cu ildə nasist Almaniyası açıq-aşkar müharibəyə hazırlaşır və təcavüzkar siyasət yürüdürdü. Stalin ölkəsini sığortalayıb təhlükəsizliyini təmin etmək üçün nasistlərlə sülh sazişi imzalamaq məqsədilə danışıqlara başladı. Danışıqları o zaman SSRİ-nin xarici işlər naziri təyin edilən Molotov aparırdı. O, nasistlərlə sülh müqaviləsi haqda danışıqları müvəffəqiyyətlə başa çatdırdı. Ancaq bağlanan müqaviləyə baxmayaraq, Stalin Hitlerə etibar etmirdi. SSRİ Finlandiyada da mövqelərini möhkəmləndirmək istəyirdi, amma finlər 1939–40-cı illərin qışında baş verən qısamüddətli müharibə zamanı buna ciddi müqavimət göstərdilər.
Finlər içinə ağ neft doldurulmuş şərab şüşəsindən ibarət əldəqayırma silah icad etmişdilər. Qapağın üzərindəki dəlikdən keçirilmiş bikford fitili vasitəsilə həmin maddə alışdırılırdı. Şüşə tanka dəyəndə sınır, yanan ağ neft isə zirehin üzərinə dağılırdı. Bu silaha SSRİ xarici işlər naziri Molotova kinayəli salam atəşi olaraq Molotov kokteyli adı verildı.
Molotov Stalinin ölümündən üç il sonra, 1956-cı ildə tutduğu yüksək vəzifəni itirməsinə baxmayaraq, “Molotov kokteyli” ifadəsi bütün dünyada geniş yayıldı. (Ayzek Azimov. Sözlərin tarixi)